Peşəkar CV hazırlamaq üçün 6 vacib addım

CV Hazırlamaq qaydaları

İş elanlarına müraciət zamanı ən vacib məqam peşəkar və doğru CV hazırlamaqdır. Bu məqalədə HR mütəxəssisləri daha tez cəlb etmək, dolğun və səliqəli CV hazırlamaq qaydaları haqda müzakirə edəcəyik.

“Neçə işə müraciət edirəm, CV göndərirəm amma heç biri müsahibəyə çağırmır!” – çox güman tanışlarınızdan bu cümləni artıq eşitmisiz. Bunu deyən şəxsin bilik və bacarığına bələd olduğunuz üçün onun iş tapa bilməməsi sizə təəccüblü gəlir. Daha sonra həmin şəxsin CV-si ilə tanış olduqdan sonra “Mən də səni tanımasam bu CV ilə işə götürmərəm” deyirsiz.

Ətrafımızda öz peşəsi üzrə peşəkar olan, lakin şirkətlərə dəvət almayan insanlar demək olar ki, hər zaman olur. Bu hallarda həmin şəxsin bilik, bacarığı və nailiyyətləri barədə məlumatları işəgötürənə düzgün çatdıra bilməməsindən irəli gəlir.

Demək olar ki, bütün şirkətlərdə işə qəbul zamanı ilkin mərhələdə yalnız namizədin CV-si dəyərləndirilir. Buna görə də işə müraciət edərkən diqqət yetirilməli ən vacib məqamlardan biri CV-nizdir. CV-niz sizin barədə ilkin təəssürat formalaşdırır. Onlarla, bəzən isə yüzlərlə namizəd arasında növbəti mərhələyə keçən az sayda namizədin sırasında yer almağınıza imkan verir.

CV hazırlayarkən nələrə diqqət etmək lazımdır?

1. Məlumatların ardıcıllığına diqqət edin

CV-də məlumatların ardıcıllığı barədə konkret bir sıralama olmasa da, ümumi qəbul olunmuş və daha çox istifadə olunan formatlarda aşağıdakı ardıcıllıq gözlənilməlidir.

Şəxsi məlumatlar

Şəxsi məlumatlarda ad və soyadınız başlıq kimi nəzərə çarpmalıdır. CV-nizin başlığında “CV”, “Resume” və ya “İşə müraciət ərizəsi” kimi başlıqları qoymağa ehtiyac yoxdur. Müraciətinizi dəyərləndirən şəxs onsuz da sənədə baxdıqda söhbətin nədən getdiyini anlayır. Əksinə, bu kimi başlıqlar artıq yer tutur və CV-nin görünüşünü pozur. Adınızın başlıq şəkilində olması isə adınızı daha nəzərə çarpan edir. Məsələn:

Şəxsi məlumatlar

Daha sonra müsahibə mərhələsinə keçdiyiniz zaman əlaqə vasitələrinizin (mobil telefon, e-mail və s.) rahatlıqla tapılması üçün qabaq sıralara bu məlumatları əlavə edin. Ünvan tam dəqiqliyi ilə olmasa belə ən azından yaşadığınız şəhərin göstərilməsi tələb oluna bilər.
LinkedIn profilinizdə bütün məlumatlar yenilənmişdirsə, onun da linkini CV-yə əlavə edə bilərsiz. LinkedIn hesabınızı əlavə etməzdən əvvəl profilinizdəki məlumatların yenilənmiş olduğunu, CV-dəki məlumatlarla ziddiyət yaratmadığını, şəklinizin peşəkar olmasını bir daha nəzərdən keçirin. Bəzi işəgötürənlər LinkedIn-dəki paylaşımlarınızı və şərhlərinizi də incələyə bilər. Buna görə də bunları da diqqətdə saxlamaqda fayda vardır.

Şəxsi məlumatlar hissəsində 2-3 cümlədən çox olmamaq şərti ilə öz keçmiş təcrübə, bilik və bacarığınız barədə qısa xülasə verə bilərsiz.

İş elanında şəkil ilə bağlı tələb yoxdursa, CV-yə şəkilinizi qoymaya da bilərsiz. Bir çox ölkələrdə xarici görünüşə görə ayrıseçkiliyə yol açmasın deyə CV-də şəkilin tələb olunması qanunla qadağandır. Bəzi ölkələrdə isə bu normal praktikadır. CV-də şəkilin olması müsahibədən sonra namizədi xatırlamaq üçün işəgötürənə yardımçı ola bilər. Şəkil yerləşdirəcəyiniz təqdirdə peşəkar şəkil olmasına diqqət yetirin. Heç bir halda toyda çəkilmiş şəkillərdən, “selfie”-lərdən istifadə etməyin. Bu mövzuda peşəkar fotoqraflara da müraciət edə bilərsiz.

İş təcrübəsi

İş təcrübəsi

Əksər elanlarda təcrübə tələb olunduğundan işəgötürənlər ilk növbədə bu hissəyə nəzər yetirirlər. Buna görə də bu hissə CV-də ən vacib bölmədir desək yanılmarıq.

İş təcrübəsi hissəsində HR-a maraqlı ola biləcək iş yerləriniz barədə məlumat olmalıdır.
Əsas məlumatlar – şirkətin adı, tutduğunuz vəzifə, çalışdığınız müddət (başlanğıc və bitmə tarixi, əgər hal-hazırda işləyirsizsə, son tarix yerinə indiki, hazırda, davam edir kimi sözlər yaza bilərsiz), əsas vəzifə öhdəlikləriniz mütləq əks etdirilməlidir. Əgər CV-nizin həcmi böyük deyilsə, tamamladığınız layihələr, şirkətə verdiyiniz töhfələr barədə də qeydlər apara bilərsiz. Məsələn, əgər satış mütəxəssisi kimi işləyirsizsə, son dövr üçün şirkətin satışlarının artmasında iştirakınızdan yaza bilərsiz. Könüllü(volunteer) gördüyünüz işləri bu hissədən ayırmağınız tövsiyə olunur.

İş təcrübəsi barədə yazarkən xronoloji ardıcıllıq gözlənilməlidir. Ən son iş yerinizi ən birinci, əvvəlki iş yerləriniz ilə sonra qeyd edin.

İş tarixçəsində uzun müddətli fasilə olması, işəgötürənlər (HR-lar) tərəfindən mənfi qarşılanır. İşəgötürən bu zaman fasiləsinə görə müraciətinizə imtina verə bilər. Bu olmasın deyə fasilə olan müddətdə nə ilə məşğul olduğunuzu və səbəbini (məsələn, analıq məzuniyyəti, hərbi xidmət və s.) göstərməyiniz tövsiyə olunur.

İş tarixçəsində mənfi qarşılanan daha bir məqam da qısa müddətli iş tarixçələridir. İş tarixçənizdə belə təcrübələr çoxdursa, işdən çıxma səbəblərini də göstərməyiniz tövsiyə olunur.

Vəzifə öhdəlikləri barədə yazarkən bütün “Vəzifə təlimatı”-nı köçürmək lazım deyil. Ümumiləşmiş formada gördüyünüz əsas işləri, əsasən də müraciət etdiyiniz vəzifədəki tələbləri əhatə edən öhdəlikləriniz barədə yazın. İşəgötürənlər vəzifə adınıza baxdıqdan sonra öhdəlikləriniz içərisində onlara lazım olan açar sözləri axtarırlar. 

universitet təhsili

Təhsil

İş təcrübəsi barədə yazdıqdan sonra təhsil tarixçəniz barədə yazmalısız. Əgər yeni məzun olmusuzsa və ya təcrübə proqramına müraciət edirsizsə, təhsil hissəsini iş təcrübəsindən əvvəl yazmaq olar.

Təhsil hissəsində də, iş təcrübəsində olduğu kimi xronoloji ardıcıllıq gözlənilməlidir. İlk növbədə ali təhsil varsa, bu barədə qeydlər yazılmalıdır. Təhsil barədə yazarkən təhsil aldığınız ali məktəb, ixtisas, məzun olduğunuz il, təhsilin dərəcəsi (məsələn, bakalavr, magistr) mütləq göstərilməlidir. Əgər yeni məzun olmusunuzsa və müraciət etdiyiniz vəzifənin tələblərinə uyğun gəlirsə, diplom işinizin mövzusu, bəzi fənlər barədə qeydlər apara bilərsiz.

Ali təhsil barədə yazdıqdan sonra hər hansı sertifikasiya, uzun müddətli kurslar barədə qeydlər aparıla bilər. Burda da sertifikatı verən təhsil ocağı, müddət, mövzu və digər önəmli məlumatlar qeyd edilməlidir.

Digər məlumatlar

Bu hissədə dil bilikləri, kompüter bacarıqları, nailiyyətlər və müraciət etdiyiniz vəzifədə sizə lazım ola biləcək digər məlumatlar əks etdirilə bilər (məsələn, sürücü vəzifəsinə müraciət edirsizsə sürücülük vəsiqəsinin kateqoriyasını, mühəndissizsə çalışdığınız böyük layihələri, dizaynersizsə portfolionuza keçid üçün linkləri yerləşdirə bilərsiz).

Kompüter və dil barədə biliklərinizi olduğu kimi yazmağınız vacib şərtdir. İşəgötürən üçün müsahibə əsnasında ya da fərdi şəkildə sizin bu biliklərinizi test edə bilər. Test etmədikdə belə, işə başladıqdan sonra bilik və bacarıqlarınız barədə verdiyiniz məlumatların həqiqəti əks etdirmədiyi məlum olarsa, sizinlə imzalanmış əmək müqaviləsinə xitam verilə bilər. Nəzərinizdə saxlayın ki, işçi ilə imzalanan əmək müqaviləsində 3 ayadək sınaq müddəti təyin edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən isə bu müddət ərzində hər iki tərəf 3 gün əvvəlcədən xəbərdarlıq verməklə əmək müqaviləsinə xitam verə bilər. İşəqəbul zamanı yalnış məlumatın verilməsi isə müqaviləyə xitam verilməsi üçün kifayətdir.

Əgər maraq və xobbiləriniz barədə yazacaqsızsa, mütəmadi olaraq məşğul olduğunuz və sizin barədə müsbət rəy yaradacağını düşündüyünüz məşğuliyyətlərinizdən yazın. Eyni zamanda bu mövzuda gələ biləcək suallara hazır olun (məsələn, əgər xobbiniz kimi kitab oxumaq yazmısızsa “hansı janrda kitablar oxuyursunuz?”, “ən sevdiyiniz müəllif?” və ya “ən son oxuduğunuz kitab?” kimi sualları cavablandırmağa hazır olun).

2. CV-nizin qısa və məzmunlu olmasına əmin olun

CV-nizin uzun olması işəgötürəndə “daha təcrübəli və dolğun iş təcrübəsi olan biri” təəssüratı yaradacağını düşünürsünüzsə yanılırsız. Ola bilsin ki, 20 il iş stajınız var və 20 fərqli şirkətdə çalışmısız. Lakin unutmayın ki, hər bir CV-nin ilkin dəyərləndirilməsinə işəgötürənlər 1 dəqiqədən də az vaxt sərf edirlər. Əgər sizin 5 səhifəlik CV-niz ilk saniyələrdən işə götürəni cəlb etmədisə? böyük ehtimalla işə müraciətiniz elə orda da bitmiş olacaq.

Çalışın CV-niz 2 səhifədən çox olmasın. İşəgötürənə lazım olmayan və müraciət etdiyiniz vəzifədə sizə faydası dəyməyəcək məlumatları yerləşdirməyə ehtiyac yoxdur (məsələn, ailə vəziyyətiniz, ailə tərkibiniz, bitirdiyiniz məktəb barədə məlumatlar).

Hər birimiz lap erkən yaşlardan bu günə kimi özümüzdə çoxlu sayda bacarıq və istedadımızı kəşf edir və inkişaf etdirik. Amma yaddan çıxarmaq lazım deyil ki, CV-də bunların hamısını əks etdirmək qeyri-mümkündür. Buna görə də, işə müraciət edərkən hansı bilik və bacarığımızı nümayiş etdirməli olduğumuzu bilməliyik. Bunun üçün isə hər bir işə müraciət etməzdən əvvəl iş elanını diqqətlə incələməli və şirkət barədə məlumat toplamalıyıq (Xatırlatmaq istərdik ki, Joblist.az-da siz elanın tələbləri ilə yanaşı elanı yerləşdirən şirkət barədə məlumatlar da əldə edə bilərsiz). Topladığınız məlumatlar əsasında lazım gələrsə, hər dəfəsində CV-nizə müvafiq dəyişiklikləri etməlisiz.

Daha əvvəl vurğuladığımız kimi, vahid bir CV forması mövcud deyil. Peşəkar CV hazırlamaq üçün bir neçə CV forması tapmaq olar. İş təcrübəsi tarixçəniz uzundursa, daha yığcam CV formasından istifadə etmək faydalıdır. Belə olduqda 1-2 səhifəyə daha çox məlumat yerləşdirə bilərsiz. CV-nin bir və ya iki sütun olmasından, şriftin ölçüsündən və bir sıra digər məqamlardan asılı olaraq daha yığcam CV hazırlamaq mümkündür.

Heç bir halda sertifikatlarınızı, tövsiyə məktublarınızı, portfolionuzu və digər əlavə sənədləri CV ilə eyni bir sənədə yerləşdirməyin. Bu tipli sənədləri göndərdiyiniz məktubda əlavə sənəd və ya “cloud”-a yerləşdirərək işəgötürənin yükləməsi üçün keçid linkləri kimi göndərin.

3. Məlumatların düzgünlüyünə diqqət yetirin

Bir çoxumuz işəgötürəndə yaxşı təəssürat yaratmaq üçün CV-də özümüz barədə bəzi “ağ yalanlar” danışırıq, bilik və bacarıqlarımızı şişirdirik. Lakin unutmaq lazım deyil ki, işəqəbul mütəxəssisləri bu cür yalanları ortaya çıxarmaq üzrə ixtisaslaşmış şəxslərdir.

CV məlumatları

CV-də yazdığınız məlumatların düzgünlüyünə əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər. Əsasən də vəzifə adları ilə bağlı. Bəzi hallarda namizədlər öz vəzifə adlarını da olduğu kimi yazmırlar. Nəzərdə saxlamaq lazımdır ki, işəgötürən verilmiş məlumatların doğruluğunu müsahibədə verilmiş suallar əsnasında, hazırki və ya keçmiş şirkətinizlə əlaqəyə keçərək və ya əmək kitabçanızdakı qeydlərə əsasən yoxlaya bilər.

CV-dəki əlaqə nömrənizin və e-mail adresinizin düzgün qeyd edildiyinə əmin olun. Qeyd etdiyiniz nömrə daim işlək olmalıdır. Həmçinin, başqa ölkədə işlərə müraciət edirsizsə, nömrədə ölkə kodunu da mütləq əlavə edin.

E-mail adresinizin doğruluğundan əlavə, e-mail adresinin adına da diqqət yetirmək lazımdır. Qeyri-rəsmi adlardan çəkinmək lazımdır (məsələn, black_angel, princess-87, roshka92). E-mail-də adınız və soyadınızın kombinasiyasından istifadə edərək (məsələn, murad.mustafayev, mmustafayev) Gmail, Yahoo kimi saytlarda hesab açılması tövsiyə olunur.

Heç bir halda iş e-mail adresinizi CV-də qeyd etməyin. Buna iki əsas səbəb var. Birincisi, şirkətin iş e-mail ünvanlarını yoxlamaq hüququ var və şirkətin səlahiyyətli şəxsləri sizin iş müraciətlərinizdən xəbər tuta bilər. İkincisi, işdən ayrıldıqdan sonra bu e-mail ünvanına çıxışınız olmayacaq və müraciət etdiyiniz şirkətdən müraciətinizin statusu barədə məktub ala bilməyəcəksiz.

Müvafiq şirkətdə işlədiyiniz müddət dəqiqliyi ilə yazılmalıdır. Dəqiq tarixləri bilmirsizsə ən azından ay və il qeyd edilməlidir.

İşəgötürən sizinlə bağlı məlumatları bir neçə mənbədən əldə edə bilər. Ona görə də CV-nizdəki məlumatların sosial şəbəkə hesablarınızla, həmçinin işəgötürənin saytında qeydiyyatdan keçirsizsə, saytda verdiyiniz məlumatlarla uyğun gəldiyini yoxlayın. 

4. Orfoqrafik səhvlərdən mümkün qədər yayının

CV-də qrammatik doğru yazmaq

Peşəkar CV hazırlamaq üçün ingilis dili vacibdir deyə bir anlayış yoxdur. CV-nizi azərbaycan dilində də yarada bilərsiz. Əsas diqqət yetirilməli məqam CV-nin hara göndərilməsidir. İlk növbədə elanda CV-nin hansı dildə olması ilə bağlı tələbin olub-olmadığını yoxlayın. Adətən elanlarda belə bir qeydə çox az rast gəlinir.

Beynəlxalq şirkətə CV göndərərkən ingilis dilində, yerli şirkətə göndərərkən isə azərbaycan dilində CV göndərilməsi tövsiyə olunur. Həmçinin elan hansı dildə yerləşdirilibsə o dildə də CV göndərə bilərsiz. Belə olan halda CV-nizin həm azərbaycan, həm də ingilis dilində olması tövsiyə olunur. Bu halda diqqətdə saxlamalı olduğunuz məqam hər ikisindəki məlumatın bir biri ilə uyğun gəlməsidir. Birində dəyişiklik etdikdə, dərhal digərində də eyni düzəlişləri edin.

Hansı dildə olmasından asılı olmayaraq CV-də səhvlər yolverilməzdir. Bu ilk növbədə dili hansı səviyyədə bildiyinizi, həm də nə dərəcədə diqqətcil olduğunuzu göstərir. Səhvlərdən yayınmaq üçün dil biliklərinə güvəndiyiniz və diqqətcil tanışlarınızdan CV-nizi yoxlamasını xahiş edin.

5. Peşəkar rəyi alın

CV-niz hazır olduqdan sonra bu sahədə təcrübəsi olan şəxslərdən rəy bildirməsini xahiş edin. Yoxlayan şəxsdən hər hansı səhvlərin olub olmaması, CV-dəki məlumatların nə dərəcədə aydın yazıldığı barədə rəy verməsini istəyin.

CV-nizə baxdıqda həmin şəxslərdə necə təəssürat yaratdınız? Sizi şəxsən tanımasaydılar müraciət etdiyiniz vəzifəyə sizi götürərdilər mi?

Bir neçə şəxsdən eyni mövzuda fikirlərini öyrənin. Əgər hər birinin rəyi müsbətdirsə, CV-nizi göndərə bilərsiz.

6. Hər dəfə göndərməzdən əvvəl CV-nizi bir daha nəzərdən keçirin

Hər dəfə fərqli işə müraciət edərkən CV-nizi bir daha nəzərdən keçirməyiniz tələb olunur. Daha əvvəl də qeyd etdiyimiz kimi, CV-də gördüyünüz bütün işləri, bilik və bacarıqları təsvir etmək mümkün deyil. Hər işə müraciət edərkən elanın tələblərinə uyğun olaraq daha önəmli məqamları önə çəkməyinizdə fayda vardır.

İstənilən halda hazır CV formatının üzərində işləmək, sıfırdan CV hazırlamaqdan daha rahatdır. İnternetdə heç bir ödəniş etmədən yüzlərlə hazır CV formatı mövcuddur. İstər özünüz yaradın, istər tanışınızın CV-si üzərində düzəldin, istərsə də tapdığınız hazır CV formatı üzərində işləyin – əsas odur ki, yuxarıda qeyd olunan məqamları diqqətdə saxlamaq lazımdır.

Bütün qeyd olunan məqamları nəzərə aldınızsa, CV-niz işə müraciət etmək üçün hazırdır. Lakin müraciət etməzdən əvvəl diqqət yetirilməli bəzi digər məqamlar da var:

Sənədin adı. CV sənədinin adına diqqət yetirmək lazımdır. Bəzən CV sənədinin adında “New word document” və ya başqa adamın ad və soyadına rast gəlinir. 

Sənədi düzgün adlandırdığınız təqdirdə həm sənədi lazım olduqda rahat tapa biləcəksiz, həm də işəgötürənin işini asanlaşdırmış olacaqsız. Sənədi CV sözü ilə başlayıb, daha sonra isə ad və soyadınızla adlandırmağınız (məsələn, CV – Murad Mustafayev) tövsiyə olunur.

CV-nin formatı. Sənədi Word-də hazırlayıb göndərməzdən əvvəl PDF formata keçirmək və bu formatda göndərmək tövsiyə olunur. Heç bir halda PowerPoint, Excel, şəkil və ya çox istifadə olunmayan digər sənəd formatlarında CV göndərməyin.

Sənədi Word formatda(*doc, *docx) göndərdikdə sənədi yoxlayan şəxsdəki Microsoft Word proqramının versiyasından asılı olaraq müəyyən yerdəyişmələr ola və CV-nizin forması dəyişə bilər.

Məktubun mövzusu və mətni. Unutmayın, işəgötürənin e-mail adresinə CV göndərərkən mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməlisiz. Bu olmadıqda müraciətiniz yüzlərlə digər namizədin məktubu arasında itə bilər. Bundan əlavə bir çox işəgötürənlər bu şərt ödənilmədikdə müraciəti ümumiyyətlə qəbul etmir. Joblist.az üzərindən işlərə müraciət etdikdə işəgötürənə gedən e-maildə bütün bu tələblər yerinə yetirilir.

Məktubun mətn hissəsində isə nəyə görə bu vəzifəyə uyğun gəldiyinizi 2-3 cümlə ilə əsaslandıra, işəgötürənə müraciətinizlə bağlı hər hansı şərhinizi bildirə bilərsiz. Hər zaman nəzərdə saxlayın ki, işəgötürən yazıları oxumaq üçün çox az vaxt sərf edir, buna görə də uzun mətnlərdən çəkinin.

CV göndərməzdən əvvəl elanda əlavə hansısa sənədin tələb olunub olunmadığı mütləq yoxlayın. İşəgötürən CV ilə bərabər sizdən portfolionuzu, tövsiyyə məktubu, əsaslandırma məktubunu (Cover letter), sertifikatlarınızı istəyə bilər. Belə sənədləri göndərdikdə hər bir sənədi öz adı ilə, ayrıca yerləşdirin. Sənədin həcmi böyük olduqda yükləmək üçün link göndərməyiniz tövsiyə olunur. E-maildə iri həcmli sənədlərin göndərilməsi sənədin müvafiq ünvana çatmama riskini artırır.

İş axtarışında uğurlar!

Joblist.az komandası