Yeni iş axtarmaq üçün atılmalı 5 addım

İş axtaran müsahibədə

Çalışdığınız yerdə işinizə layiqincə dəyər verilmir, gördüyünüz iş artıq sizə darıxdırıcı gəlir və şirkətinizdə vəzifənizlə bağlı hər hansı irəliləyiş gözlənilmirsə, demək ki, yeni iş axtarmaq üçün əsl vaxtdır.

Bəs yeni iş axtararkən nələr etmək lazımdır?

1. Axtardığınız iş üçün müasir tələblərin nə olduğunu öyrənin

Sizin öz peşənizdə uzun illər təcrübəniz var. İşinizi yerinə yetirmək üçün lazım olan bilik və bacarığa tam yiyələndiyinizi düşünürsünüz. Lakin ola bilər ki, son işinizə qəbul olmaq üçün istənilən tələblər artıq köhnəlmiş olsun. Buna görə də mütləq ilk növbədə axtardığınız vəzifə üzrə müasir tələbləri öyrənməlisiniz.

Bunun üçün axtardığınız vəzifə üzrə yeni dərc olunmuş iş elanlarındakı tələbləri araşdırın. Joblist.az saytımızı izləyərək siz axtardığınız ən son iş elanlarını tapa və onların tələbləri ilə tanış ola bilərsiniz. Bundan əlavə bu vəzifəyə işçi götürən və ya bu vəzifədə işləyən şəxslərlə məsləhətləşmək də çox faydalı ola bilər.

Müasir dövrdə iş mühiti çox dinamikdir və demək olar ki, bütün istiqamətlərdə hər il yeniliklər baş verir. Peşənizlə bağlı ən son yeniliklərdən xəbərdar olmaq üçün ixtisaslaşmış internet resursları və LinkedIn kimi saytları daim izləyin.

2. Tələblərə uyğun olaraq öz bacarıqlarınızı daim inkişaf etdirin

Axtardığınız vəzifə üzrə müasir tələblərə nə dərəcədə cavab verdiyinizi analiz edin. Özünüzə qarşı tənqidi yanaşmaqdan çəkinməyin. Tanıdığınız şəxslərdən sizin barədə rəy verməsini istəyin. 

Müvafiq bilik və bacarığa nə dərəcədə yiyələnmənizi və həmin tələbin vacibliyini nəzərə alaraq özünüzə inkişaf planı qurun. Öyrənmə prosesi bir dəfəlik tədbir deyil, daimi bir proses şəkilində aparılmalıdır. Buna görə də hər gün nəsə oxuyun, mütaliə edin.

Fərqli mənbələrdən fərqli yanaşmaları öyrənin. Heç də bütün oxuduqlarınızla razılaşmaq məcburiyyətində deyilsiniz. Bu vaxta kimi öyrəndiklərinizi, gördüklərinizi oxuduqlarınızla tutuşdurun, nəticə çıxarın.

Vakansiya tələbləri

3. İşləmək istədiyiniz şirkətlərin siyahısını çıxarın

Axtardığınız vəzifə üzrə potensial işə götürənlərin siyahısını çıxarın. Siyahı böyük olduqda şirkətləri öz istəklərinizə uyğunluğuna görə çıxdaş edin.  Şirkətləri çıxdaş edərkən diqqət yetirilməli ən vacib məqamlardan biri şirkətlərin dəyərlərinin sizin həyatınızdakı dəyərlərə yaxın olmasıdır. Məsələn: ailəniz ilə çox vaxt keçirməyiniz sizin üçün önəmlidirsə, bu zaman şirkətdəki iş qrafikinə, işdən sonra qalıb işləmək məcburiyyəti araşdırılmalıdır. 

Çalışmaq istədiyiniz şirkətlərin siyahısını hazırladıqdan sonra bu şirkətlərdəki vakansiyaları axtarın. Sizə uyğun vakansiyalardakı iş tələblərinə və şərtlərinə diqqət yetirin

4. İşə müraciət etməzdən əvvəl CV-nizi bir daha nəzərdən keçirin

Hər bir yeni işə müraciət etməzdən əmin olun ki, işəgötürənə peşəkar normalara cavab verən CV göndərirsiniz. Keçmiş təcrübəniz iş elanının tələblərinə cavab verirsə bunun CV-nizdə aydın nəzərə çarpdığına əmin olun. İşə qəbul mütəxəssisi dostlarınız varsa, onların fikirini öyrənməkdə fayda vardır.
Bəzi şirkətlər öz karyera saytlarında profil yaratmağınızı və müvafiq formanı doldurmağınızı istəyə bilər. Əmin olun ki, bu formada doldurduğunuz məlumatlar CV-nizdəki və peşəkar sosial səhifələrdəki məlumatlarınızla üst-üstə düşür.

5. İş təklifini qəbul etməzdən əvvəl bir daha düşünün

Beləliklə, siz arzuladığınız işi tapmaq üzrəsiniz. Bütün seçim mərhələlərimdən uğurla keçmisiniz və artıq sizi işə dəvət edirlər.

İlk növbədə mövcud iş yerinizdən ayrılarkən münasibətlərin yaxşı saxlanılmasına önəm yetirin. Keçmiş rəhbərliyiniz və ya iş yoldaşlarınızla nə zaman qarşılaşacağınızı bilmək olmaz. Bunun üçün də onları “mən sabahdan işə gəlmirəm” sürprizi ilə üzləşdirməyin.

Əksər hallarda iş axtaran rəsmi iş təklifi almayanacan mövcud işindən ayrılmaq istədiyini öz rəhbərinə bildirmir. Bu hal daha çox işi dəyişmək barədə qəti qərar olmayanda baş verir. İş axtaran bazardakı mövcud iş imkanlarını dəyərləndirib, hazırki işində öz şərtlərinin yaxşılaşdırılması üçün rəhbəri qarşısında məsələ qaldırır. Tələbləri qarşılanmadıqda isə yeni işəgötürənlə əmək müqaviləsi bağlayır.

Yeni iş axtararkən hazırki işinizdən ayrılmaq istəməyinizə səbəb olan narahatçılıqları öz rəhbərinizə və ya İnsan Resursları şöbəsinə deməkdən çəkinməyin. Buna görə də işdən ayrılacağınız təqdirdə işlərinizi təhvil verməniz üçün tələb olunan vaxtı təxmin edin və iş müsahibələrində bunu bildirin. Əksər işəgötürənlər bunu müsahibədə özləri soruşurlar.

Bu suala cavab verərkən diqqətli olun. Çox qısa periodun göstərilməsi (1-2 gün) sizin barədə “məsuliyyətsizlik” və işəgötürənə qarşı “biganəlik” kimi başa düşülə bilər. İstənilən halda qanunvericiliklə ərizənizi yazdıqdan sonra ən geci 1 aya işdən ayrıla bilərsiniz. Rəhbər vəzifələr üçün əvəzləyici şəxsin tapılması və işlərini təhvil verilməsi üçün daha uzun müddət tələb oluna bilər.

Çalışmaq istədiyiniz şirkətdən gözləntilərinizi müəyyən edin. Daha sonra həm işi axtararkən, həm müsahibələr zamanı, həm də iş təklifi alarkən şirkətin bu gözləntilərinizi nə dərəcədə qarşıladığını analiz edin. Hər bir şirkət götürdüyü işçinin onlarla uzun müddət çalışmasını istəyir. Buna görə də iş şərtlərinin müzakirəsi zamanı hər iki tərəfin səmimi və öz tələblərini açıq formada bildirməsi çox vacibdir. 

Artıq növbəti işinizi tapmağa hazırsınız. İş yerini dəyişmək barədə qərar karyeranızın gedişatına əhəmiyyətli təsiri olan önəmli qərardır. Hər dəfə rəhbərinizlə sözünüz düz gəlməyəndə emosiyalara qapılaraq işdən ayrılmaq qərarına gəlməyin. Hər bir şirkət yüksək vəzifələrə işçi gətirəndə ilk növbədə daxili resursları hesabına bu vəzifəni doldurmaq istəyir. Bu şirkətlər üçün həm qənaətcildir, həm də özünü doğrultmuş və şirkətlə daha yaxından tanış olam işçini gətirmək daha az risklidir.

Bundan əlavə yeni iş təklifini dəyərləndirərkən yalnız əmək haqqına fokuslanmayın. Təbii ki, işləmək üçün əsas motivator əmək haqqıdır. Lakin şirkətin təklif etdiyi digər imtiyazları da nəzərə alın. Məsələn, hazırki iş yerinizdə əmək haqqınız 1500 AZN-dir. Bütün ailə üzvlərinizlə birgə tibbi sığorta ilə olunmusunuz, nahar təmin olunur və iş yeri evinizə piyada məsafədə yerləşir. Sizə 2000 AZN-lik, nahar və sığorta təmin olunmayan, evinizdən uzaq məsafədə iş təklif olunur. Bu zaman aradakı 500 AZN-lik fərqin yeni işinizdə sizin nahar, nəqliyyat və tibbi xərclərinizi qarşıladığına əmin olun. Yeni işin yaratdığı stress və əziyyəti maddi şəkildə ifadə etmək çətin olsa da bunlar da nəzərə alınmalıdır. 

İş axtarışında uğurlar!

Joblist.az komandası