Yarımştat (part time) iş elanlarının 10 müsbət və mənfi özəlliyi

Tam ştat yoxsa part time iş?

Azərbaycan əmək bazarında yarımştat (part time) iş elanları qarşımıza çox çıxmasa da, bu iş forması dünyanın bir çox ölkəsində geniş yayılmışdır. Əksər ölkələrdə şirkətlər qənaət məqsədi ilə bəzi işlərə əsasən yarımştat işçilər götürürlər.

Yarımştat işlərdə çalışanların bir qismi məcburiyyətdən, yəni tam ştat iş tapa bilmədikləri üçün bu şəkildə çalışırlar. Geridə qalanlar isə günün yalnız bir hissəsini çalışa bildikləri üçün və ya fərqli səbəblərdən part time işi seçirlər. Azərbaycanda part time işlərə əsasən tələbələr maraq göstərir.

Beynəlxalq Əmək Təşkilatı (ILO) part time işə “həftəlik qəbul edilmiş standart normadan daha az vaxt tələb edən iş” kimi tərif verir. Həftəlik iş norması ölkələrə görə fərqlənir. Azərbaycanda bu norma həftəlik 40 saat olaraq qəbul edilmişdir (həftədə 5 gün, 8 saat). Əksər inkişaf etmiş ölkələrdə bu rəqəm 30-40 saat arasında dəyişir. Ümumi tendensiya bunu göstərir ki, ölkənin iqtisadiyyatı inkişaf etdikcə və texnologiyalar təkmilləşdikcə həftəlik iş norması aşağı düşür.

2015-2019-ci ilin statistikasına görə Avropa Birliyi ölkələrinin ümumi əmək qabiliyyətli əhalisinin təxminən 15-20%-i yarımştat işlərdə çalışır. Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə yarımştat işlərdə daha çox xanımlar çalışır. Belə ki, tam ştat işləyən əhalinin 40%-nı xanımlar təşkil etdikləri halda, part time çalışanların yarıdan çoxunu (57%) xanımlar təşkil edir. Buna əsas səbəb uşağa qulluqla əlaqədar xanımların bir müddət tam ştat işləyə bilməməsidir.

Bəs insanlar nəyə görə part time işə üz tuturlar?

Uerostat-ın araşdırmasına görə insanların yarımştat işlərdə işləməsinə ən birinci səbəb tam ştat iş tapa bilməməsidir. Bu səbəbi əsasən kişilər qeyd etmişdir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanda işəgötürənlər əsasən işçiləri tam ştat əsasla işə götürməyə üstünlük verirlər. Pandemiya dövrü göstərdi ki, bir çox işləri 9:00-dan 18:00-dək ofisə gəlmədən də yerinə yetirmək mümkündür. İstisna edilmir ki, bəzi şirkətlər bundan dərs çıxararaq öz xərclərini azaltmaq üçün bəzi işlərini yarımştat əsasla təmin edəcəklər. Bununla da part time iş elanlarının artması istisna edilmir.

Ən çox verilən ikinci cavab isə “uşağa və ya yaşlı valideynə qulluq” ilə əlaqədardır. Sorğuda iştirak edən xanımların 29%-i bu səbəbdən part time işləməyə üz tuturlar. Kişilərdə isə bu rəqəm cəmi 6% olmuşdur.

Bəzi iş axtaranlar isə sağlamlıqları ilə əlaqədar yarımştat işlərdə çalışmağa üstünlük verirlər. Azərbaycan qanunvericiliyi əlilliyi olan şəxslərə, digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsini tələb edir. Belə ki, qanunvericilik əlillər üçün 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtının təmin edilməsini tələb edir. Bəzi hallarda şəxsin sağlamlıq durumu və ya qəbul etdiyi prosedurlar ilə əlaqədar 36 saat işləməsi də onu qane etmir. Bunu nəzərə alaraq işəgötürənlər bu kateqoriyadan olan şəxslər üçün part time iş imkanları yaratmalıdırlar.

İş axtaranın part time işləmək istəməsinə daha bir səbəb isə şəxsi biznesinin və ya digər işlərinin olması ola bilər. Bəzən insanın öz ailə biznesi ilə əlaqədar bəzi öhdəlikləri olur, lakin karyerasını bu istiqamətdə davam etdirmək istəmir. Buna görə də vaxtının bir hissəsini məcburiyyətdən gördüyü işlərə sərf edir, günün geridə qalan hissəsini isə sevdiyi və karyera qurmaq istədiyini sahədə yarımştat çalışır.

Bəzən isə insan sadəcə gün ərzində 8 saat işləmək istəmədiyi üçün part time işləmək istəyir. Bu insanlar işdə keçirəcəkləri uzun saatları öz sağlamlıqlarının qeydinə qalmaq, ailə, dost-tanışla daha çox vaxt keçirmək və ya xobbiləri ilə məşğul olmaqla keçirməyi üstün tuturlar. Bu düşüncədə olan şəxslər yaşayışı üçün minimum gəlir ehtiyaclarını ödəmək üçün işləməyə məcbur olurlar. Bu dünyaya bir dəfə gəldiyimizi nəzərə alsaq çox da məntiqlidir 🙂

Azərbaycanda isə part time iş axtaranlar daha çox əyani təhsil alan tələbələrdir. Part time işlər təhsil alan gənclərə təhsilləri ilə paralel təcrübə qazanmalarına və təhsil xərclərinin bir hissəsini qarşılamağa yardımçı olur.

Part time işləməyin üstünlükləri

Sevdiklərinizlə daha çox vaxt keçirmək imkanı

Yarımştat işin bir çox üstünlükləri vardır. Bunlardan biri və yəqin ki, ən üstün cəhəti insanın öz ailəsi və sevdikləri ilə daha çox vaxt keçirə bilməsidir. Xüsusi ilə də gənc övladları olan şəxslərə yarımştat iş övladlarının təhsili ilə daha yaxından məşğul olmağa şərait yaradır.

Sevdiyiniz məşğuliyyətlərə, xobbilərə qalan vaxt

Daha bir üstünlük yarımştat çalışan şəxsin öz sevdiyi məşğuliyyətləri ilə vaxt keçirməyə daha çox imkanı olur. Yaranmış boş vaxtı insanlar öz ehtiyaclarına uyğun olaraq şəxsi inkişaflarına (məsələn, uzun müddətdir arzusunda olduğunuz sertifikatı almaq) və ya xaricdə təhsil almaq istəyirsə universitet axtarışına, müvafiq imtahanlara hazırlamağa sərf edə bilər.

Yazmağı xoşlayırsınızsa öz maraq dairənizə uyğun mövzularda bloq, məqalələr yaza bilərsiniz. Bu fəaliyyətlər sizə bəlkə də çox pul gətirməyəcək, lakin sevdiyiniz və faydalı işlə məşğul olmuş olacaqsınız. Bu arada, əgər iş axtarışı və ya karyera planlaşdırılması mövzusunda məqalənizin dərc edilməyini istəyirsinizsə info@joblist.az ünvanında bizə yaza bilərsiniz. Məqalənizi saytımızda dərc edərək geniş auditoriyaya çatdırılmasını təmin etmiş olacaqsınız.

Əgər daha əvvəl balışınızın altına kifayət qədər pul yığmısınız və maliyyə baxımından sıxıntınız yoxdursa, part time işləyərək öz xobbilərinizlə məşğul ola bilərsiniz. Bu kateqoriyadan olan insanlar əsasən gəlir əldə etmək üçün yox, bilik və bacarıqlarını itirməmək, iş həyatından təcrid olunmamaq üçün işləyirlər.

Part time işlərdə sərbəstlik

Təhsil alaraq işləmək imkanı

Əyani təhsil alan tələbələrə isə yarımştat işdə işləmələri təhsil haqlarının ödənilməsi, şəxsi inkişaflarına yatırım etmələri üçün əla fürsətdir. Tələbə üçün şəxsi gəlir mənbəyinin olması ilk növbədə azadlıq deməkdir. Xərclərini valideylərindən asılı olmadan şəxsən özü tərəfindən çəkilməsi həm tələbənin yetkin bir fərd kimi inkişaf etməsinə, həm də xərcləri idarəetmək kimi bacarıqlara yiyələnməsinə yardımçı olacaqdır.

Karyerada erkən addımlar

Sözsüz ki, tələbə üçün part time işləmənin ən böyük üstünlüklərindən biri də təhsilini bitirdikdən sonra daha rahat iş tapa bilməsi olacaqdır. Bir çox hallarda tələbələr elə tələbəlik illərində yarımştat işçi və ya təcrübəçi olaraq başladığı yerdə təhsilini bitirən kimi tam ştat işlə təmin olunurlar. Əksər işəgötürənlər yeni məzunları işə götürərkən daha əvvəl təcrübə proqramında iştirak etmiş və ya hər hansı sahədə işləmiş (hətta ixtisası və müraciət etdiyi vəzifəyə uyğun gəlməyən təcrübələrdə belə) şəxslərə üstünlük verirlər. 

Daha az iş saatı – daha çox qənaət

Bir qədər təzadlı səslənsə də bəzən yarımştat işləmək tam ştat işləməkdən daha çox gəlir gətirə bilər. Bunun üçün bir neçə işi apara bilmə bacarığınız olmalıdır. Yarımştat çalışaraq bir neçə işəgötürənlə paralel çalışa bilərsiniz. Bununla siz normal həftəlik iş saatlarında daha çox işləyə bilərsiniz. Düzdür, bir qədər yorucu ola bilər, lakin nəticə etibari ilə daha çox qazanmağınız üçün imkan yaradırsınız.

Digər tərəfdən siz tam ştat işləyərkən yaranan bəzi xərclərə qənaət edə bilərsiniz. Məsələn, bəzi hallarda valideynlər övladlarını məktəbdən götürə bilmirlər, bunun üçün dayə tuturlar və ya övladlarını məktəbin daxilindəki bahalı dərnəklərə yazdırırlar. Part time işlədikdə isə övladınızı məktəbdən özünüz götürə və inkişafı ilə özünüz məşğul ola bilərsiniz. İşdə olarkən nahara xərclədiyiniz pulların əvəzinə evdə daha qənaətcil nahar edə bilərsiniz və s.

Daha az stress – sağlam həyat tərzi

Araşdırmalar göstərir ki, bir çox hallarda tam ştat çalışan şəxslər daha çox stress keçirirlər. Həmin şəxslərin idmanla daha az məşğul olması və açıq havada daha az vaxt keçirməsi bu stresi daha da artırır və sağlamlıqlarına mənfi təsir edir.

Yarımştat çalışanlar isə iş stresindən daha az əziyyət çəkirlər. Əlbəttə ki, bunu bütün yarımştat işləyənlərə şamil etmək olmaz. Əgər insan məcburiyyət qarşısında qalıb yarımştat işləyirsə və qazandığı pul xərclərini qarşılamırsa bu statistika onlara şamil edilməyəcəkdir.

Könüllü olaraq part time işləyənlər isə adətən maliyyə cəhətdən sıxıntı yaşamırlar. Bunlar ya artıq müəyyən imkana sahiblənmiş ya da daha az ilə kifayətlənən şəxslərdir. Onsuz da nə qədər çox qazansaq xərclərimiz də bir o qədər artır.

Yarımştat işin mənfi tərəfləri

İşlədiyiniz saatlara uyğun olaraq daha az gəlir

Bir çox üstünlüyü ilə yanaşı yarımştat işləməyin bəzi mənfi tərəfləri də vardır. Ən əsas məqam, tam ştat işləyənlərdən daha az əmək haqqı almasıdır. Bu isə bəzi hallarda işçinin öz büdcəsini idarəetməsinə mane ola və çətin duruma sala bilər.

Tam ştat çalışanlarla müqayisədə daha məhdud imtiyazlar

Maaşdan əlavə əksər hallarda yarımştat işləyənlər tam ştatda işləyənlərin əldə etdiyi bir çox imtiyazlardan məhrumdurlar. Məsələn, işçilərini tibbi sığorta ilə təmin edən işəgötürənlər adətən yarımştat işləyənləri sığorta proqramına daxil etmirlər. Bonus və digər imtiyazlar da adətən yarımştat çalışan işçilərə şamil edilmir.

İki və ya daha çox komanda ilə işləməyin çətinliyi

Bəzən yarımştat çalışan şəxslər bir neçə iş yerində paralel çalışırlar. Bu isə iki fərqli kollektiv və rəhbərlik deməkdir. İşçinin öz kollektivinə uyğunlaşması bəzən çox uzun bir proses olur. Eyni anda iki fərqli komandaya uyğunlaşmaq isə ikiqat ağır proses olacaqdır. Təsəvvür edin ki, çalışdığınız iki şirkətin dəyərləri və korporativ mədəniyyətləri arasında yerlə göy qədər fərq var.

Zəif komanda ruhu

Komandası ilə daha az vaxt keçirdiyi üçün part time işləyən şəxslər bəzən özlərini təcrid olunmuş hiss edə bilərlər. Bu isə öz növbəsində həmin şəxslərdə komanda ruhunu zəiflədə bilər. Buna görə də komandasında yarımştat çalışanların sayı çox olan şirkətlər komanda ruhunu yüksək saxlamaq üçün xüsusi proqramlar hazırlamalıdırlar.

Tələbələr üçün part time işlər

Hər bir tələbə, əyanı və ya qiyabi oxumağından asılı olmayaraq elə tələbəlik illərindən ilk növbədə öz ixtisası üzrə iş tapmağa, bu mümkün olmadıqda təcrübə proqramı tapmağa çalışmalıdır.

İxtisasınıza uyğun işdə çalışmaq və ya təcrübə keçmək oxuduğunuz sahəni daha dərindən mənimsəməyə imkan verəcək, praktiki biliklərə yiyəlməyə yardımçı olacaqdır. Həmçinin, bu sahədə çalışan şəxsləri tanıyacaqsınız, hansılarki sizə karyeranızla bağlı dəyərli məsləhətlər verə, boş vakant yerlər üçün CV-nizi tövsiyə edə bilərlər.

Öz ixtisasınız üzrə olmasa belə çalışmağınız sizə ilk növbədə maliyyə azadlığı verəcəkdir. Bundan başqa siz çalışaraq bütün peşələrdə sizə lazım olacaq biznes bacarıqlara yiyələnəcəksiniz.

Bəs tələbələr hansı işlərdə çalışa bilərlər?

Peşələr

Təhsil aldığı universitetin təklif etdiyi iş imkanları

Tələbələr təhsil aldıqları müddətdə bir çox işdə çalışa bilərlər, lakin, ən rahatı əlbəttə ki, oxuduğu təhsil ocağında işləmək olardı. Bu ilk növbədə tələbəyə çox vaxt itirmədən dərsdən işə getmək imkanı yaradır. Digər tərəfdən oxuduğu universitetdə çalışması onu müəllim kollektivi və digər işçilər ilə daha yaxın edir. Əlavə olaraq universitet binasında işləməyiniz sizə tədris resurslarına daha yaxın edir. Bu isə boş vaxtınız olduqda dərslərinizlə məşğul olmağa şərait yaradır.

Oxuduğunuz təhsil ocağının imkanlarından asılı olaraq universitetiniz sizə kitabxanada, fərqli klub və cəmiyyətlərində, müxtəlif kafedralarda, laboratoriyasında və yataqxanasında müxtəlif iş imkanları təklif edə bilər.

İnzibati işlər

Bir çox inzibati işlərdə ali təhsil tələb olunmur, bu da sizə diplomunuz olmadan belə işləməyinizə imkan yaradır. Tələbələrin çalışa biləcəyi inzibati işlərə ofislərdə karğüzarlıq işləri, köməkçi, qeydiyyatçı işləri aid edilə bilər. Bu işlərin əksəriyyətində, əsasən də qeydiyyatçı kimi işlərdə iş yükü bir o qədər də çox olmur. Bu isə sizin iş zamanı da dərslərinizlə məşğul olmağınıza şərait yaradır.

Repetitor fəaliyyəti

Əgər məktəbdə hansısa fənni hamıdan yaxşı bilirsinizsə, bu sahədə kiçik siniflərə dərslər deyə bilərsiniz. Siz iş qrafikinizi və iş yükünüzü sərbəst şəkildə özünüz müəyyən edə biləcəksiniz. Həmçinin bu fəaliyyətlə öz evinizdə məşğul ola bilərsiniz. Buna görə də hər hansı ofisi kirayələmək və digər xərclər tələb olunmur.

Repetitor kimi fəaliyyət göstərməyiniz üçün siz müvafiq fənni yaxşı bilməyinizdən əlavə tədris metodikalarını bilməyiniz və məktəblilərlə işləmə həvəsinizin olması vacibdir.

Xobbinizi gəlir mənbəyinə çevirin

Əgər çoxdandı məşğul olduğunuz və çox sevdiyiniz bir xobbiniz varsa bunu özünüz üçün maliyyə mənbəyinə çevirin. Məsələn, əgər uzun müddətdir idmanla məşğul olursunuzsa, qısamüddətli kurslara qatılaraq fitnes instruktor kimi çalışa bilərsiniz. Şəkil çəkməyi sevirsinizsə, peşəkar fotoaparat alıb fotoqraf kimi çalışa bilərsiniz. Yemək bişirməyə marağınız böyükdür və çox ləzzətli reseptlər bilirsiniz? O zaman dərhal bir Youtube kanalı açın və videolar çəkib yerləşdirin. Videolarınız bəyənilərsə qısa bir zamanda sizə gəlir gətirəcəkdir.

Fiziki işlərdən də çəkinməyin

Yəqin ki, Sovet dövründə oxumuş böyüklərinizin çoxundan tələbəlik illərində müxtəlif fiziki işlərdə çalışmalarını eşitmisiniz. Məsələn, inşaat mühəndisliyi oxuyanların çoxu tələbəlik illərində tikintidə fəhlə və ya usta kimi çalışıblar. Daha bir nümunə, kənd təsərrüfatı sahəsində oxuyanlar əkin sahələrində işlərə cəlb edilirdilər. Bəzi hallarda bu kimi işlər məcburi xarakter daşısa da, tələbənin istehsalatla tanış olmasına və tələbədə nizam-intizamın formalaşmasına müsbət təsir edir.

İş elanları saytlarında elanlar axtarmaqla yanaşı, tələbələr universitetin karyera mərkəzləri ilə də sıx əlaqədə olmalıdırlar. Artıq əksər universitetlərimizdə karyera mərkəzləri qurulmuşdur və müntəzəm olaraq karyera sərgiləri təşkil edirlər. İşləmək üçün vaxtınız olmasa belə bu sərgilərdə mütləq iştirak edin. Bu ilk növbədə şirkətləri tanımağınıza, ikinci növbədə isə şəbəkənizi genişləndirməyə yardımçı olacaqdır.

Unutmayın ki, iş həyatına nə qədər erkən başlasanız karyera yüksəlişi üçün şanslarınız da bir o qədər yüksək olacaqdır. Təbii ki, karyeranı erkən başlamaqdan başqa daim müvafiq sahə üzrə öz bilik və bacarıqlarınızı təkmilləşdirməlisiniz. İş axtararışına başlamamışdan əvvəl isə mütləq bu mövzudaki yazımızı (Yeni iş axtarmaq üçün atılmalı 5 addım) oxuyun.

Yarımştat və ya tam ştat iş axtarmağınızdan asılı olmayaraq Joblist.az saytı sizə arzuladığınız işi tapmaqda yardımçı olacaqdır.

Joblist.az komandası